"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-2027-ci illəri əhatə edən biznes-plan üzərində işləyir.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.
"Ümid edirik ki, biznes-plan bu ilin sonuna qədər təsdiqlənəcək. ADY-nin korporativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs var, biznes plan bu təşəbbüslər çərçivəsində hazırlanır",- deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, təşəbbüslər qurumun qısa, orta və uzunmüddətli baxışını əhatə edir: "Burada dəmir yollarında alternativ enerji mənbələrindən istifadə kimi məsələlər də var".
Qeyd edək ki, oktyabrın 21-25-i tarixlərində Almaniyanın iş adamları Azərbaycanda səfərdə olacaq. Səfərin əsas məqsədi dəmir yolu tikintisi, dəmir yolu texnologiyaları və nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Bu işgüzar missiya Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Almaniyanın Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.
Səfər çərçivəsində alman sahibkarlar Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar, habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərlə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.