Azərbaycan-Çin razılaşması: Yaponiya və Cənubi Koreya Orta Dəhlizə qoşulur

Azərbaycan-Çin razılaşması: Yaponiya və Cənubi Koreya Orta Dəhlizə qoşulur Son dövrlərdə dünyada təhlükəsiz və sürətli yükdaşımalara, yeni logistik marşrutlara böyük tələb yaranıb. Fraqmentallaşan dünyada ölkələri, regionları bir-birinə bağlayan yeni xətlərə maraq, o cümlədən Şərq-Qərb marşrutu ilə konteyner yükdaşımaların sayın
İnfrastruktur
24 May , 2024 16:11
Azərbaycan-Çin razılaşması: Yaponiya və Cənubi Koreya Orta Dəhlizə qoşulur

Son dövrlərdə dünyada təhlükəsiz və sürətli yükdaşımalara, yeni logistik marşrutlara böyük tələb yaranıb. Fraqmentallaşan dünyada ölkələri, regionları bir-birinə bağlayan yeni xətlərə maraq, o cümlədən Şərq-Qərb marşrutu ilə konteyner yükdaşımaların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu marşrutun tərkib hissəsi olan Orta Dəhliz böyük yükdaşıma həcmi və ciddi artım potensialına malik olması ilə diqqətləri daha çox üzərinə çəkir. Orta Dəhlizin əsas nəqliyyat qovşaqlarından olan Azərbaycan üzərindən bu dəhlizlə artıq Çin və Mərkəzi Asiyadan idxal və tranzit konteyner yükdaşımaları uğurla həyata keçirilir.

"Report" xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 2,5 milyon tondan çox – ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çox tranzit yükü daşınıb. Hədəf isə dəhlizi inkişaf etdirib daha çox yük cəlb etmək, yükdaşımaların sürəti və təhlükəsizliyi ilə bağlı ən sərfəli marşrutu təqdim etməkdir – Azərbaycan bu istiqamətdə ciddi addımlar atır, böyük yatırımlar və müasir yanaşma ilə böyük logistik “hab”a çevrilmək yolunda inamla addımlayır.

“Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var ... Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər,” - Prezident İlham Əliyev Orta Dəhliz haqqında danışarkən bildirib.

Bu ilin əvvəlindən başlayaraq Orta Dəhlizlə Çindən Azərbaycana və Avropaya konteyner blok qatarların göndərilməsinə başlanılıb. Mart ayında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kassım Jomart-Tokayev Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzindən Abşeron stansiyasına yola salınan konteyner qatarının gəlişini izləyiblər. Yükdaşımaların başladığı ilk vaxtlarda Orta Dəhlizlə ayda 10 konteyner qatar qəbul olunurdusa, növbəti aylarda bu say artırılıb və may ayında 20 qatara çatdırılıb. Bu ilin sonuna qədər Çindən 200-dən artıq blok konteyner qatarın yola salınması planlaşdırılır ki, bu da 10 min TEU (ölçü vahidi, 20 futluq konteyner ekvivalentində) konteyner və ya 150 min tona yaxın yük deməkdir.

İdxal yükləri bu dəhlizlə Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə Bakı şəhərinə 8-10 günə çatdırılır. Tranzit yüklərin Gürcüstanın Qara Dəniz limanlarına göndərilməsi isə 10-12 gün müddətində tamamlanır. Orta Dəhlizlə göndərilən konteyner yüklər dəniz marşrutu ilə müqayisədə təyinat məntəqələrinə təxminən 3 dəfə daha tez çatdırılır ki, bu da yükdaşıma sürətli daşıma və sərfəli tariflər kontekstində ADY-nin əsas hədəfidir.

Çin və Avropa arasında konteyner yükdaşımaların Azərbaycan üzərindən daha çox həyata keçirilməsini təmin etmək üçün bu günlərdə ADY nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı baş tutan silsilə görüşlərdə Çin dəmir yollarının yüksək səviyyəli rəsmilərinə Azərbaycanın bu dəhlizin inkişafı üçün həyata keçirdiyi layihələr, o cümlədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernizasiyası haqqında ətraflı məlumat verilib.

ADY sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin sədri Liu Jenfanq ilə görüşüb, ADY-nin cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 % artdığını qeyd edib. Həmçinin Çin Dəmir Yollarının rəhbəri isə dəhlizin potensialının daha böyük olduğu və bu potensialın reallaşdırılması üçün birgə layihələrdə maraqlı olduqlarını vurğulayıb. Bundan əlavə, BTQ dəmir yolu xətti ilə yük daşımaların bərpa edildiyi və onun yükburaxma qabiliyyətinin artıq illik 5 milyon tona çatdırılması xüsusilə diqqətə çatdırılıb.

ADY nümayəndə heyəti həmçinin “Çin Dəmir Yolları Konteyner Daşımaları” şirkətinin, “Çin Beynəlxalq Dəmiryol Şirkəti”nin, “Sian Azad Ticarət Limanı Tikinti və Əməliyyat” şirkətinin, “Lianyunqyanq Liman Qrupu” şirkətinin rəhbərləri ilə Şərq-Qərb yük daşımaları istiqamətində Azərbaycan-Çin əməkdaşlığının gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparıb. Görüşlər nəticəsində yüklərin Çinin şərqindəki ən böyük dəniz limanlarından biri olan Lianyunqyanqdan Orta Dəhlizlə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub.

Razılaşmaya əsasən, iyun ayından başlayaraq ilk sınaq konteyner blok qatarı yola salınacaq. Daha sonra isə qatarların sayı artırılacaq. Lianyunqyanq limanında təkcə Çin mənşəli deyil, həmçinin Cənubi Koreya və Yaponiya istehsalı olan məhsulların qəbulu və daşınması həyata keçirilir.

ADY nümayəndə heyətinin Çin səfəri və əldə edilmiş razılaşmalar bir daha sübut edir ki, Azərbaycan üzərindən icra edilən yük əməliyyatları bütün region ölkələrini yaxınlaşdıra, tək Çindən deyil, həmçinin Uzaq Şərq ölkələrindən Avropaya yüklərin daha tez və effektiv çatdırılması təmin edilə bilər. Yaponiya və Cənubi Koreyanın bu marştura qoşulması Orta Dəhlizin cəlbediciliyini və yük dövriyyəsini ciddi şəkildə artıracaq. Başqa sözlə, Çində əldə olunan razılaşmaları ADY-nin yeni bazarlara çıxmağı hədəfləyən strategiyasının uğurlu icrasını göstərir.

Azərbaycandan üzərindən tranzit yüklərin aidiyyatı ünvanlara çatıdırılmasında BTQ dəmir yolundan geniş istifadə olunur. Orta Dəhlizin tərkib hissəsi olan BTQ ilə bu yaxınlarda tamamlanmış modernizasiyadan sonra mayın 20-də yükdaşıma əməliyyatları bərpa edilib. Yenilənmiş BTQ Şərqdəki yük sahibləri üçün Avropaya çıxış baxımından daha geniş imkanlar təqdim edir. 5 milyon ton illik yük ötürücülük gücü, eyni zamanda Türkiyə dəmir yolu şəbəkəsi ilə birbaşa bağlantısı onu yüklərin Avropa bazarlarına və əks istiqamətdə Çin və Mərkəzi Asiya bazalarına daha sürətli çatıdırılması üçün cəlbedici alternativə çevirir. 826 kilometrlik BTQ xətti ilə qatarlar Çindən Avropaya ənənəvi dəniz marşrutları ilə müqayisədə 2-3 dəfə daha tez çatır, nəticədə Şərq-Qərb bağlantısında Orta Dəhlizin imkanlarından istifadə daha səmərəli seçimə çevrilir. Orta Dəhliz layihəsinin bir qolu olaraq BTQ-nin daha böyük güclə yenidən işə düşməsi Yaxın Şərqdəki geosiyasi gərginlik və gəmi ilə yükdaşımalara artan təhlükələr fonunda dəmir yolu ilə yükdaşımaların önəmini və cəlbediciliyini artırır.

Azərbaycan və regional tərəfdaşlar Orta Dəhlizi konteyner daşımaları üçün əsas nəqliyyat arteriyalarından birinə çevirmək üçün ortaq fəaliyyət göstərirlər. Azərbaycan, Gürcüstan və Qazaxıstan tərəfindən 2023-cü ildə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin əsas fəaliyyət istiqaməti konteyner yüklərin Orta Dəhlizlə vahid pəncərə prinsipi əsasında daha sürətli və səmərəli daşınmasını təmin etməkdir.

Orta Dəhliz layihəsinin ən böyük üstünlüyü sürətlə yanaşı yüklərin təhlükəsiz çatdırılmasıdır ki, bu da bütün tərəflər üçün tək zamana deyil, həm də vəsaitə qənaət deməkdir – Orta Dəhlizlə yüklər ünvana vaxtında, təhlükəsiz və yük sahibinin büdcə xərclərini azaldaraq çatır. Başqa sözlə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən optimal marşrutdur.

Son xəbərlər

Orphus sistemi