“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) hava hərəkətinə nəzarət üzrə qlobal tədbir olan “Airspace World” çərçivəsində beynəlxalq Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) aeronaviqasiya icracı direktorlarının ümumdünya sammitində iştirak edib.
Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
İsveçrənin Cenevrə şəhərində təşkil olunan top liderlərin, aviasiya sənayesinin aparıcı istehsalçılarının və peşəkarlarının bir araya gəldiyi tədbirin məqsədi dünyanın hər yerindən toplaşan aeronavigasiya rəhbərlərinə bu sahənin ən aktual problemlərinin həlli yollarının tapılmasında kömək göstərməkdir.
Tədbirdə ICAO Şurasının prezidenti Salvatore Şakitano, IATA-nın baş direktoru Ulyam Uolş və CANSO-nun baş direktoru Saymon Hokkard çıxış ediblər.
Sammit çərçivəsində Aviasiya dünyasının dəyişməsi ilə hava nəqliyyatının hərəkətinin təşkili sahəsində baş verən qlobal dəyişikliklər və bütün hava məkanı istifadəçilərinin bu prosesə inteqrasiyasının həyata keçirilməsi müzakirə olunub.