Azərbaycan Böyük Britaniya ilə şəhərsalma məsələlərini müzakirə edib

Azərbaycan Böyük Britaniya ilə şəhərsalma məsələlərini müzakirə edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old və bu ölkənin Türkiyədəki Baş Konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo ilə görüşüb.
İnfrastruktur
8 Dekabr , 2022 17:26
Azərbaycan Böyük Britaniya ilə şəhərsalma məsələlərini müzakirə edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old və bu ölkənin Türkiyədəki Baş Konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə sədr "Tvitter"də məlumat verib.

“Görüşdə "ağıllı" şəhərsalma həlləri, BİM texnologiyalarının tətbiqi və əməkdaşlıq imkanları barədə məhsuldar müzakirələr apardıq”, - deyə o qeyd edib. 

Komitənin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, görüşdə sədr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhərsalma siyasətinin formalaşdırılması və reallaşdırılması, bu sahədə davamlı islahatların aparılması, həyata keçirilən əsas strateji layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki genişmiqyaslı planlaşdırma və yenidənqurma işləri barədə məlumat verib, Böyük Britaniyanın aidiyyəti qurumları və özəl şirkətləri ilə əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.

Öz növbəsində qonaqlar ölkəmizdə şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı layihələrin keyfiyyətini, sürətini yüksək qiymətləndirərək, Azərbaycanın bu sahədə beynəlxalq standartlara uyğun sistemli fəaliyyəti, xüsusən də post-münaqişə ərazilərin bərpası təcrübəsi sayəsində formalaşdırdığı inkişaf modelinin bir çox ölkələr üçün yaxşı nümunə rolunu oynaya biləcəyini bildiriblər. 

Daha sonra görüşdə müasir “ağıllı” şəhərsalma yanaşmalarının və layihələndirmədə BIM (“Building Information Modeling”) – Tikintidə İnformasiya Modelləşdirilməsi texnologiyalarının tətbiqi, şəhərsalma fəaliyyətində dövlət-özəl tərəfdaşlığı, digər sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi