Azərbaycan Bolqarıstanın tranzit operatorlarını və logistika şirkətlərini Orta Dəhlizin yaratdığı üstünlüklərdən yararlanmağa dəvət edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.
"Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsi olan dəniz və hava limanları, dəmir və avtomobil yolları ticarət əlaqələrimizi artırmaqda bizə böyük üstünlüklər verir. Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutudur. Yeni yaradılmış Ələt Azad İqtisadi Zonası da bu dəhlizdə yerləşir. Burada əsas məqsəd xarici investorları cəlb etməklə müasir sənaye müəssisələrinin yaradılması, ixracyönümlü məhsul istehsalıdır. Mən hər iki tərəfdən investorları Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların işi ilə yaxından tanış olmağa və onların üstünlüklərindən maksimum yararlanmağa çağırıram", - deyə o qeyd edib.