Cari ilin birinci rübündə Belarusun tikinti sektoru Azərbaycana 3,5 milyon dollardan artıq məhsul göndərib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 125 faiz çoxdur.
“Report” “BelTA”-ya istinadən xəbər verir ki, bu barədə Belarus memarlıq və tikinti naziri Ruslan Axramoviç Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin (DŞMK) sədri Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyətilə görüşü zamanı bildirib.
Belaruslu nazirin dediyinə görə, Azərbaycanda həmin ölkə məhsulları arasında büllur məmulatları xüsusi rəğbət görür. Bunu nəzərə alaraq “Neman” müəssisəsi azərbaycanlı istehlakçılar üçün armudu stəkanların istehsalını təşkil edib. Bununla yanaşı, cari ilin birinci rübündə Belarusdan ölkəmizə dəmir-beton və metal konstruksiyalar, habelə müxtəlif avadanlıq və onun hissələri də idxal olunub.
İki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüş zamanı əsas diqqət Azərbaycanda müasir şəhər və kənd məskənləri baş planlarının tərtibinə, həmçinin qarşılıqlı tikinti materialları tədarükü məsələsinə yetirilib.
Mayın 28-dək davam edəcək səfər çərçivəsində DŞMK nümayəndə heyətinin kiçik şəhərlərlə bağlı şəhərsalma sənədləri, habelə aqro qəsəbələri konsepsiyası ilə bağlı Belarusun təcrübəsilə tanış olmaq üçün bir sıra bölgələrə səfəri də nəzərdə tutulur.