AZAL və IATA yeni Anlaşma Memorandumu imzalayıb

AZAL və IATA yeni Anlaşma Memorandumu imzalayıb "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) strukturu - “IATA Consulting” arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən yeni Anlaşma Memorandumu imzalanıb.
İnfrastruktur
6 İyun , 2023 16:53
AZAL və IATA yeni Anlaşma Memorandumu imzalayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) strukturu - “IATA Consulting” arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən yeni Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sənədə IATA-nın Türkiyənin İstanbul şəhərində keçirilmiş 79-cu İllik Ümumi İclası çərçivəsində imza atılıb. Əməkdaşlığın ortaq məqsədi aviasiya sənayesini təkmilləşdirmək və beynəlxalq standartlara cavab verməkdir. Bu tərəfdaşlıq AZAL-a öz proseslərini optimallaşdırmağa, fəaliyyətinin səmərəliliyini və etibarlılığını artırmağa, həmçinin Azərbaycanın hava nəqliyyatı sektorunun inkişafına töhfə verməyə imkan verəcək.

“Aviasiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır, ona görə də Azərbaycanda hava nəqliyyatı sektorunun təkmilləşdirilməsi ölkənin inkişafına müsbət təsir göstərəcək. IATA və AZAL əməkdaşlığı dünya standartlarına və qabaqcıl təcrübələrə əsaslanan sosial-iqtisadi inkişaf potensialının həyata keçirilməsinə kömək edəcək”, - deyə IATA-nın baş direktoru Uilli Uolş bildirib.

AZAL aviasiyada prosesləri təkmilləşdirməyi hədəfləyib, “IATA Consulting”lə əməkdaşlığın əsas sahələrinə 2023-2030-cu illərdə marşrut şəbəkəsinin, təyyarə parkının uzunmüddətli planlaşdırılması, donanmanın cari planlaşdırılmasında düzəlişlər, yanacaqdan səmərəli istifadənin təhlili və potensial qənaət daxildir.

“Biz IATA ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və əminik ki, əməkdaşlığımız ölkənin aviasiya sənayesinin inkişafı üçün yeni imkanlar açacaq. “IATA Consulting” mütəxəssisləri hava limanlarında və aviaşirkətdə təyyarə parkının planlaşdırılması, yanacaq səmərəliliyinin artırılması, EASA uyğunluğunun təmin edilməsi və digərləri kimi proseslərin optimallaşdırılması layihələrində iştirak edəcəklər", - AZAL-ın I vitse-prezidenti Samir Rzayev qeyd edib.

Əməkdaşlıq çərçivəsində “IATA Consulting” AZAL-a EASA (Avropa Uçuş Təhlükəsizliyi Agentliyi) tələblərinin yerinə yetirilməsinə dəstək verəcək. Bura uçuş təhlükəsizliyinin idarə edilməsi sisteminin (SMS) tətbiqi, tələblərə riayət olunmasına nəzarət və uçuşa yararlılığın saxlanmasının idarə edilməsi (CAMO) daxildir. Bundan əlavə, təşkilat təhlükəsiz və səmərəli aviadaşımaların təmin edilməsi və ölkə daxilində kommunikasiyaların yaxşılaşdırılması üçün Azərbaycanın hava məkanı strategiyasının hazırlanmasında AZANS-a dəstək göstərir.

İngilis versiyası AZAL and IATA sign new MoU

Son xəbərlər

Orphus sistemi