AZAL Bakı-Dubay reyslərinin sayını 2 dəfə artıracaq

AZAL Bakı-Dubay reyslərinin sayını 2 dəfə artıracaq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turizm agentləri üçün tədbir keçirib.
İnfrastruktur
8 Dekabr , 2021 17:46
AZAL Bakı-Dubay reyslərinin sayını 2 dəfə artıracaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turizm agentləri üçün tədbir keçirib.

"Report" AZAL-a istinadən xəbər verir ki, tədbir koronavirus (COVID-19) pandemiyasından sonra Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşların bərpasına həsr olunub.

Tədbir turizm idarəçiliyi və aviadaşımalar sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkəti “Aviareps”in dəstəyi ilə təşkil olunub.

Şirkətin Yaxın Şərq üzrə vitse-prezidenti Qlenn Conston (Glen Johnston) tədbirdə açılış nitqi ilə çıxış edərək aviaşirkətin əsas fəaliyyət istiqamətləri və Azərbaycan haqqında qısa məlumat verib.

Tədbir çərçivəsində AZAL-ın təqdimatını aviaşirkətin marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə keçirib. Onun sözlərinə görə, hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir. Yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur.

Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.

“Silk Row Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Arzu Quliyevanın təqdimatında Azərbaycanın turizm imkanları təqdim olunub.

Dubay AZAL-ın marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Hazırda burada 192 ölkədən stendlərin təqdim olunduğu “EXPO-2020” dünya sərgisi keçirilir.

Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir.

Son xəbərlər

Orphus sistemi