AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli 6 yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb.
İnfrastruktur
2 Oktyabr , 2024 12:44
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb.

"Report" AZAL-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç “A320neo” və üç “A321neo” təyyarəsinin tədarükü planlaşdırılır.

Sənəd AZAL-ın prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.

“Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur “A321neo” təyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, “AerCap” kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir,” – deyə AZAL-ın prezidenti S. Rzayev bildirib.

Qeyd edək ki, “A321neo” təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. “A321neo” təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. “A320neo”ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.

“AerCap” AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. “A320neo” və “A321neo” dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik,” – deyə “AerCap” şirkətinin baş kommersiya direktoru P. Anderson bildirib.

“Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.

Təkmilləşdirilmiş aerodinamikası sayəsində “A320neo” və “A321neo” həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.

Son xəbərlər

Orphus sistemi