"Azərbaycan Hava Yolları" QSC (AZAL) sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlarla bağlı sərnişinlərə müraciət edib.
"Report" xəbər verir ki, müraciətdə fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlərin üç yolla əldə edilə bilməsi qeyd olunub:
- Aviaşirkətin
- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.
Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün güzəşt tətbiq olunmaqla qiymət 40 manat təşkil edir, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.
"AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.