İşğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarının (Suqovuşan, Xaçınçay, Köndələnçay - 3 ədəd) və magistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlanıb, Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, topoqrafiya, geodeziya və ilkin konseptual layihə işlərinin görülməsinə başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.
Z.Mikayılov qeyd edib ki, ümumilikdə ASC tərəfindən 2021-ci ildə icra olunmuş layihələr hesabına 9,5 min hektar sahədə torpaqların su təminatı və 3,5 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 2,1 min hektar yeni torpaq sahəsi suvarma suyu ilə təmin edilib.
“Ölkəmizdə su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədilə qabaqcıl dünya ölkələrinin təcrübələrinin tətbiqi üzrə də işlər aparılır. Bu istiqamətdə İsrailin "Mekorot" milli su şirkəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC arasında suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqi ilə suya qənaət potensialının qiymətləndirilməsi, su təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, meliorasiya obyektlərinin planlaşdırılması, layihələndirilməsi, yenidən qurulması və tikintisi üçün müasir su təchizatı texnologiyalarını tətbiq etmək məqsədi ilə məsləhət xidmətləri müqaviləsi imzalanmışdır”, - Z.Mikayılov qeyd edib.