Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb

Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir.
İnfrastruktur
12 Avqust , 2023 17:26
Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir.

“Report” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına istinadən xəbər verir ki, bu investisiya ehtiyacları dəmir yolu və avtomobil yolları şəbəkəsinin bərpası və modernləşdirilməsi, vaqonların sayının artırılması, limanların ötürücülük qabiliyyətinin artması, Mərkəzi Asiyanın beş ölkəsinin hamısında sərhəd keçid məntəqələrinin, multimodal logistika mərkəzlərinin və köməkçi şəbəkə əlaqələrinin təkmilləşdirilməsi ilə əlaqəlidir.

Müəyyən edilmiş investisiya ehtiyacları Mərkəzi Asiya ölkələrinin hər birinin öz ehtiyaclarını, prioritetlərini, imkanlarını və spesifik şərtlərini nəzərə alır.

Avropa və Asiya arasında quru nəqliyyat dəhlizlərinin tədqiqatına əsasən, demək olar ki, Avropa İttifaqı (Aİ) ilə Mərkəzi Asiya arasında ümumi ticarət son 10 ildə 38,8 % artaraq 2012-ci ildəki 34,2 milyard avrodan 2022-ci ildə 47,5 milyard avroya çatıb. Özü də burada ümumi ticarətin üçdə ikisini Aİ-nin idxalı təşkil edir.

Aİ-nin idxal etdiyi əsas məhsullar mineral məhsullar, adi metallar və onlardan hazırlanmış məmulatlar, həmçinin kimyəvi maddələr və əlaqəli məhsullardır (Aİ-nin ümumi ixracının 92 %-i). Aİ-nin Mərkəzi Asiyaya əsas ixracı isə maşın və avadanlıqlar, kimyəvi maddələr və ya əlaqəli məhsullar və nəqliyyat avadanlığıdır (Aİ-nin ümumi ixracının 70,7 %-i).

“Avropa və Mərkəzi Asiya arasında ticarətin artmasına baxmayaraq, Çin Avropa və Asiya arasında ən böyük mal tədarükçüsüdür. O, həmçinin Aİ-nin iki ən böyük ticarət tərəfdaşından biridir. Tarixən Avropa və Çin arasında mal ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilib (Aİ ilə Çin arasında bütün ticarətin təxminən 80-85 %-i olduğu hesab edilir), quru nəqliyyatının və hava nəqliyyatının payına isə təxminən 10 % düşüb”, - hesabatda deyilir.

Asiya ilə Avropa arasında quru nəqliyyatı üç əsas dəhliz üzrə həyata keçirilir.

Asiya ilə Avropanı birləşdirən Şimal Dəhlizi Çindən başlayır, Qazaxıstan, Rusiya və Belarusdan keçərək Polşa vasitəsilə Aİ-yə daxil olur. Qatarlar həmçinin Monqolustandan və ya Trans-Sibir dəmir yolu ilə birbaşa Rusiyadan keçir. Bu marşrutun uzunluğu təxminən 10 min km, malın yolda olma müddəti isə orta hesabla 14 gün təşkil edir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropanı Qazaxıstan və Xəzər dənizi vasitəsilə birləşdirir. Mallar Bakı limanı vasitəsilə Qafqaza daxil olur və Gürcüstana doğru yola davam edir, oradan isə Bolqarıstan və ya Rumıniya vasitəsilə Aİ-yə çatmazdan əvvəl iki alternativ yol var: Türkiyədən keçməklə quru yolu və Qara dənizdən keçməklə dəniz yolu. EBRD analitikləri qeyd edirlər ki, o, Şimal Dəhlizindən daha qısa (7 min km) olsa da, hazırda özündə 14 gündən 45 gün arasında dəyişən, lakin şəraitdən asılı olaraq 60 günə qədər davam edə bilən gözlənilməz yolda olma müddəti ehtiva edir.

Cənub Dəhlizi Bolqarıstan və ya Yunanıstan vasitəsilə Avropaya çatmazdan əvvəl Qırğızıstan və ya Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyədən keçir. Tədqiqatda qeyd edilir ki, Cənub Dəhlizi boyunca digər potensial marşrut Əfqanıstan və Mərkəzi Asiyadan keçərək Qafqaz vasitəsilə Aİ-yə keçir, lakin bu variant geosiyasi səbəblərdən bu tədqiqatın məqsədləri üçün qiymətləndirilməyib. Bu, avtomobil daşıyıcılarının daha çox üstünlük verdiyi quru dəhlizdir, çünki o, Xəzər dənizi ilə kəsişmədən, onunla bağlı problemlərlə, o cümlədən limanların qeyri-səmərəliliyi və məhdud və gözlənilməz tranzit vaxtları ilə üzləşmədən malların daşınmasını təmin edir. Qeyd olunur ki, Aİ-yə daxil olmayan təyinat nöqtələri üçün tranzit vaxtı təxminən 14-20 gün təşkil edir, lakin 60 gün və ya daha çox da çəkə bilər.

"Regionun strateji mövqeyinə və iki qitə arasında quru körpü rolunu oynama qabiliyyətinə baxmayaraq, müvafiq işlər zamanı tez-tez baş verən “qırılmalar”, ləngimələr (əsasən Xəzər və Qara dənizlərini keçmə ilə bağlı olan) və razılaşdırılmamış tranzit prosedurları ilə çoxsaylı beynəlxalq sərhəd keçid məntəqələri konteyner daşımalarına mane olur və əsasən vaxta həssas olmayan yüklərin Mərkəzi Asiya dəhlizləri ilə daşınmasına gətirib çıxarır”, - EBRD-dən qeyd ediblər.

Qiymətləndirməyə əsasən, Orta Dəhliz Avropa və Mərkəzi Asiya arasında ən dayanıqlı nəqliyyat əlaqəsi kimi müəyyən edilib.

“Orta Dəhliz ikisəviyyəli əhatə dairəsi (300 km şimala və cənuba) sayəsində Mərkəzi Asiyanın bütün əsas iqtisadi və əhali mərkəzlərini əhatə edir və əsas nəqliyyat şəbəkələri vasitəsilə region daxilində və Avropa ilə əlaqəni təmin edir. Bu marşrut gələcək inkişaf üçün ən böyük potensiala malik olanıdır, çünki o, nəinki nəqliyyat şəbəkəsini inkişaf etdirməyə imkan verir, həm də Mərkəzi Asiyada regional inkişafı dəstəkləyə bilər. Bu region geniş nəqliyyat şəbəkəsinə malikdir və bu, gələcək regional əməkdaşlıq və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün əsas ola bilər”, - tədqiqatda deyilir.

Son xəbərlər

Orphus sistemi