Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, əsas kapitala yönəldilən vəsait 110,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 110,0 dəfə artıb, modul tipli elektrik və qaz-kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər Evi, Boks Mərkəzi, əlil və şəhid ailələri üçün, ümumilikdə, 48 mənzilli 2 yaşayış binası inşa olunub, dənizkənarı park-bulvar kompleksi salınıb, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Evi əsaslı təmir edilib, 30 ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, Astara şəhərinin su təchizatı sistemi yenidən qurulub, “Astara-1” kiçik su elektrik stansiyası istismara verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.