​Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi davam edir

​Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi davam edir Bütövlükdə bu ərazıdən 10 yaşayış evi köçürüləcək
İnfrastruktur
29 İyul , 2016 17:17
​Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi davam edir

Bakı. 29 iyul. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində Astara stansiyasından İranın dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolunun torpaq yatağının işlənməsi davam edir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun 370 min kubmetri daşınıb.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Onun sözlərinə görə, ərazidə əkin sahələrinin suvarılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 11 ədədi indi hazırdır. Digərlərində torpaq qazma, betonlama işləri davam edir. Sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə tikilən 2 ədəd müxtəlif səviyyəli suötürücülərinin özül hissəsi betonlanıb, hazırda yan divarların armaturlama işləri aparılır.

Dəmir yolunun tikintisi düşən ərazıdə su, rabitə, elektrik və qaz xətlərinin köçürülməsi tamamlanmaq üzrədir. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 vətəndaşın yaşayış evi, həyətyanı sahəsi və pay torpağı var (10-u yaşayış evidir). Artıq bunun 104-ü, o cümlədən 7 ev köçürülüb, digərlərinin sənədləşməsi aparılır.

Eyni zamanda, Astara stansiyasının yollarının yenilənməsi də gündəmdədir. Artıq stansiyadaxili yollardan 2 km-i əsaslı təmir olunub. 1 km yolda isə da əsaslı təmir işlərinin aparılması davam edir.

Astara çayı üzərində tikiləcək üç aşırımlı dəmir yolu körpüsünün orta və kənar dayaqlarının altında, 32 ədəd 32 metr dərinliyində (diametri 1,2 metr) svay vurulub, 2 dayaq tikilib və digər 2 dayaqda tikini-quraşdırma işləri davam edir. 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin qoyuluşuna avqust ayının ortalarında başlanması nəzərdə tutulur.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan da "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. 

Son xəbərlər

Orphus sistemi