Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus deyil.
“Report” xəbər verir ki, bunun səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır: "Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
Xatırladaq ki, 2024-cü ilin noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialından şirkətə məxsus 3 gəmini Eritreya dövlətinin səlahiyyətli qurumlarının saxlaması barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə məlumat daxil olub. Agentlik bu barədə Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verib, eyni zamanda Eritreyanın dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, Beynəlxalq Dəniz Təşkilatına, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniyadakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edib.