“Araz Vadisi İqtisadi Zonası”nın rezidenti olmaq üçün 10-dan çox layihə təqdim edilib
- 14 mart, 2022
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir.
"Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir. Hazırda Sənaye Parkının ərazisində mobil şəhərciyinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir, konteynerlər yerləşəcək ərazidə dəmir-beton işləri görülür. Bu işlərin davamı olaraq, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib", - məlumatda deyilir.
Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka 200 hektar ərazi ayrılıb.