Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ iqtisadi rayonunda 4 şəhərin Baş Planı üzərində iş aparır.
"Report" xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
"Şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4 000-dən çox qəsəbə və kəndini əhatə edir. Nisbətən qısa müddət ərzində – son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə biz artıq 56 şəhərin yeni baş planlarını işləyib hazırlamışıq və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçir. Hazırda biz qalan 7 şəhərin yeni baş planları üzərində işləyirik və Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş aparılır", - deyə o qeyd edib.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ildən artıqdır ki, öz doğma yurdlarından didərgin düşmüş 1 milyon insanın təhlükəsiz və davamlı şəkildə geri qayıtmasını təmin etmək üçün əsaslı yenidənqurma və reabilitasiya proqramı həyata keçirilir. Hökumət həmin ərazilərdə əsas xidmətlərin və iş imkanlarının təmin edilməsi ilə yanaşı, şəhərləri və kəndləri yenidən qurur. Münaqişədən sonra davam edən bərpa səyləri kontekstində biz daha dayanıqlı, ağıllı və daha yaşıl urbanizasiyaya doğru yaşıl və karbon-neytral yanaşmanı qəbul etmişik", - deyə sədr əlavə edib.
"Bakının "Ümumdünya Məskunlaşma Günü"nə ev sahibliyi etməsi beynəlxalq maraqlı tərəflərə paytaxtda atdığımız addımların şahidi olmaq imkanı verir. Forum bilik mübadiləsi üçün platforma kimi çıxış edir, şəhər çağırışlarına innovativ yanaşma üzrə dialoqu təşviq edir. Ölkənin münaqişədən sonra yenidənqurma və reabilitasiya sahəsində, xüsusən də bu yaxınlarda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda əldə etdiyi təcrübə çətinliklərin aradan qaldırılmasında və daha parlaq, daha əhatəli gələcəyə doğru kursun müəyyən edilməsində nümunə kimi xidmət edir", - deyə sədr qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaq öhdəliyi götürüb.
"Azərbaycan "Dayanıqlı İnkişaf Hesabatı 2022"yə əsasən, ümumi DİM İndeksində 73,5 balla 163 ölkə arasında 50-ci yerdədir ki, bu da regionda ən yaxşı nəticədir. Ölkəmiz regionumuzda "2030-cu il Gündəliyi"nin icrasına dair 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən ilk ölkədir və biz 2024-cü ilə qədər Qarabağ Regionu üzrə Könüllü İcmal hazırlamaq niyyətindəyik", - deyə o vurğulayıb.