Anar Cəbrayıllı: "Su şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 13-dən 3-ə endirilib"

Anar Cəbrayıllı: "Su şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 13-dən 3-ə endirilib" Azərbaycanda su şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 13-dən 3-ə endirilib.
İnfrastruktur
24 May , 2024 17:34
Anar Cəbrayıllı: Su şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 13-dən 3-ə endirilib

Azərbaycanda su şəbəkəsinə qoşulmaq üçün prosedurların sayı 13-dən 3-ə endirilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Anar Cabrayıllı "Su Şəbəkəsinə qoşulma" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlərlə bağlı keçirilən 10-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“İndiyə qədər Azərbaycanda sahibkarlıq subyekti texniki şərt alıb su şəbəkəsinə qoşulmaq üçün 13 prosedurdan keçirdi, bir neçə dövlət qurumuna müraciət edirdi. Amma bundan sonra "bir pəncərə" prinsipi ilə vətəndaşlar cəmi bir ünvana, məsələn, “ASAN kommunal” mərkəzinə və yaxud gələcəkdə elektron qaydada agentliyə müraciət edəcək. Proseslərin hamısı vahid mərkəzdən idarə olunacaq. 3 prosedurdan birincisi texniki şərtin hazırlanmasıdır, 10 gün davam edəcək. İkinci prosedur lahiyənin hazırlanması və razılaşdırılmasıdir. Bu da 10 gün davam edəcək. 3-cü prosedur isə artıq fiziki tikinti işlərinin aparılmasıdır və obyektin, evin şəbəkəyə qoşulmasıdır. Bu da digər iki prosedur kimi 10 gün davam edəcək”, - deyə o qeyd edib.

“Burada həm də xərclərin azaldılması planlaşdırılır. Biznes subyektləri ilə bağlı istehlakçılar iki qrupa bölünür. Tələbatı ayda 100 kubmetrə qədər olan və ondan çox olan. 1-ci kateqoriyanın su şəbəkəsinə qoşulmasını su təsərrüfatı müəssisəsi yerinə yetirəcək. 2-ci kateqoriya isə özü podratçı şirkət seçə bilər. Qoşulma ilə bağlı yeni tarifləri də artıq su təsərrüfatı müəssisəsi deyil, Tarif (Qiymət) Şurası müəyyən edəcək. Artıq bununla bağlı təklif Şuraya təqdim olunub. Burada ödəniş borunun diametrinə, bir də məsafəyə görə hesablanacaq. Yəni, məsafə yaxındırsa, borunun diametri kiçikdirsə, xərclər aşağı olacaq. Borunun diametri böyükdüksə, məsafə uzaqdırsa artıq xərclər yuxarı olacaq”, - deyə A.Cəbrayıllı əlavə edib.

Son xəbərlər

Orphus sistemi