Bu gün Türkiyənin “Albayrak Holdinq”inin rəhbəri Ahmet Albayrakın başçılıq etdiyi nümayəndə heyəti Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) olub.
Bu barədə "Report" "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin baş direktoru Taleh Ziyadov qonaqlara Bakı Limanının strateji yerləşmə mövqeyi, texniki imkanları, əldə etdiyi nəticələr və gələcək hədəfləri ilə bağlı məlumat verib. O, qeyd edib ki, fəaliyyətə başladığı gündən yükaşırma göstəricisi hər il artan Bakı Limanında 2022-ci ilin sonuna kimi gübrə terminalının da istismara verilməsi nəzərdə tutulur. İllik yükaşırma gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Mərkəzi Asiyadan qərb ölkələrinə ixrac edilən böyük həcmdə gübrənin məhz Azərbaycandan tranzit keçməklə daşınması təmin ediləcək. Eyni zamanda, qonağa limanda inşası nəzərdə tutulan buğda terminalı ilə bağlı da məlumat verilib. “Albayrak Holdinq”inin rəhbəri Ahmet Albayrak isə Bakı Limanının yerləşmə mövqeyi, texniki imkanları və əldə etdiyi nailiyyətlərinin gələcək əməkdaşlıq üçün müsbət zəmin formalaşdırdığını qeyd edib.
Daha sonra qonaqlar Bakı Limanının terminalların iş prinsipi ilə yerində tanış olublar. Sonda, qonaqlarla xatirə şəkili çəkdirilib.️