Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Əsaslı təmir işlərini yeni yaradılmış 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 40 km dəmir yolu əsaslı təmir olunub.