Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi layihəsinin icrasına start verib.
“Report” Agentliyə istinadən xəbər verir ki, bu avtomobil yolları Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılır.
Məlumata görə, hazırda yolboyu texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Artıq yolun 8 kilometrlik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb, yolun 18,4 kilometrlik hissəsində isə torpaq işləri və yol əsasının inşası davam edir.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunur.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Xatırladaq ki, yolun uzunluğu 26,4 kilometr olan torpaq əsaslı avtomobil yolunun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.