​Ağsu sakinlərinə əmlaklarına dair çıxarışlar təqdim olunub

​Ağsu sakinlərinə əmlaklarına dair çıxarışlar təqdim olunub Rayonda 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib
İnfrastruktur
22 İyun , 2016 15:06
​Ağsu sakinlərinə əmlaklarına dair çıxarışlar təqdim olunub

Bakı. 22 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışları təqdim etmək üçün iyunun 22-də Ağsu rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.

“Kütləvi çıxarış” kampaniyasında sakinlərə ilkin çıxarışlar təqdim olunmaqla yanaşı, əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib. Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılan pay torpaqları, bələdiyyə, icra hakimiyyəti tərəfindən verilən torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub. Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb.

Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar da göstərilib. Kampaniya sosial layihə olduğu üçün ödənişsiz həyata keçirilir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilən dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Qeyd edək ki, bu kampaniyada məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. İndiyə qədər Azərbaycanın 30-dan çox şəhər və rayonunda təşkil edilən kampaniyalarda ümumilikdə 8 minə yaxın vətəndaş iştirak edərək qeydiyyat xidmətlərindən faydalanıb.

Son xəbərlər

Orphus sistemi