"Ağıllı" ev sistemləri, onları quraşdırmağın üsulları, üstünlükləri və qiymətləri

"Ağıllı" ev sistemləri, onları quraşdırmağın üsulları, üstünlükləri və qiymətləri Bir çox ölkələrdə insanlar həyat şəraitlərini daha da asanlaşdırmaq üçün "ağıllı" evlərdə yaşamağa üstünlük verirlər. Son dövrlər Azərbaycanda da "ağıllı" ev sistemlərinin quraşdırılmasına maraq var.
İnfrastruktur
30 İyun , 2022 10:41
Ağıllı ev sistemləri, onları quraşdırmağın üsulları, üstünlükləri və qiymətləri

Bir çox ölkələrdə insanlar həyat şəraitlərini daha da asanlaşdırmaq üçün "ağıllı" evlərdə yaşamağa üstünlük verirlər. Son dövrlər Azərbaycanda da "ağıllı" ev sistemlərinin quraşdırılmasına maraq var.

Bakıdakı şirkətlərin birində Texniki işlər üzrə Qrup rəhbəri olaraq çalışan elektrik mühəndisi Rəşad Alıyev “Report”a açıqlamasında ölkəmizdə "ağıllı" evlərin sayının getdikcə artdığını deyib.

"Ağıllı" ev nədir?

R. Alıyevin sözlərinə görə, "ağıllı" sistemlər vasitəsilə insanlar mənzillərindəki elektrik avadanlıqları və elektrik yuvalarını məsafədən idarə edə bilirlər: "Ağıllı" evlərdə ən əsas məsələ siqnalizasiya sistemlərinin olmasıdır. Siz "ağıllı" ev sistemi quraşdırmısınızsa, həyətinizdə hər hansı hərəkət olarsa, yaxud kimsə sizin qapınızı qırmaq istəyərsə, özünüz evdə olmasanız belə bu barədə telefonunuza bildiriş gəlir. Eyni zamanda evdə su sızması, yanğın halı, bütün texniki nasazlıqlar, oğurluq halları olanda telefona bildiriş göndərilir.

Tam "ağıllı" evin bütün işıqlarını, su kranlarını, elektrik avadanlıqlarını telefonla məsafədən yandırıb söndürmək mümkündür. Eyni zamanda ağıllı evlərdə səsli sistemləri də qoşmaq və evi səsli formada idarə etmək də olur. Ağıılı ev sistemi həm də enerjiyə qənaət etmək deməkdir. Cihazlar yalnız sizə lazım olduğu təqdirdə elektrik enerjisi sərf edir. Belə ki, siz İnternet olan istənilən yerdən evinizdəki elektrik cihazını yandırıb-söndürə bilərsiniz”.

Ağıllı ev sistemləri necə quraşdırılır?

R.Alıyev bildirib ki, "ağıllı" ev sistemlərini həm bina, həm də həyət evlərində quraşdırmaq mümkündür: “Amma əsasən yeni tikili binalardan mənzil alanlar "ağıllı" sistemlərə üstünlük verir. Evləri tam "ağıllı" ev formasında tikmək yaxud ona sonradan "ağıllı" sistemlər quraşdırmaq mümkündür. Mənzillərinin tam "ağıllı" mənzil olmasını, sensor və ya səslənmə ilə idarə edilməsini istəyənlər bina və ya həyət evi tikilən zaman onu tikən şirkətə "ağıllı" sistem kabellərinin çəkilməsini sifariş edir. Bu zaman evdə elektrik sistemi kabellərinin yanında "ağıllı" ev sisteminin kabeli də çəkilir.

Eyni zamanda içində yaşayış olan evləri sonradan xırda dəyişikliklər etməklə "ağıllı" evə çevirmək mümkündür. Onlar natamam "ağıllı" ev adlanır. Bu zamanda həmin evə əlavə qurğular quraşdırılır. “Sonoff” adlanan qurğu vasitəsilə yaşayış olan evi "ağıllı" evə çevirmək olur. Bunun üçün evdə daimi İnternetin olması lazımdır.

Evin tikintisi zamanı "ağıllı" ev kabellərinin çəkilməsi keyfiyyət və əlverişlilik baxımından daha məqsədə uyğundur. Çünki evi sonradan "ağıllı" evə çevirmək üçün ona quraşdırılan “Sonoff” cihazına “WiFi” vasitəsilə bağlanılır. Odur ki, bu qurğunun fəaliyyətində müəyyən ləngimələr ortaya çıxa bilər. Amma kabelləşmə vasitəsilə quraşdırılan "ağıllı" ev sistemləri uzun ömürlü olur".

"Ağıllı" ev sistemi quraşdırmaq neçəyə başa gəlir?

Müsahibimiz Azərbaycanda bu sistemlərin qiymətinin hər kəs üçün əlçatan olmadığını deyib: ”Sıfırdan, yəni tikilməkdə olan təqribən 80 kvadrat metrlik bir evə quraşdırılan "ağıllı" ev sistemlərinin qiyməti 5 min manatdan başlayır. Bura iki jalüz pərdənin və soyuducunun dörd nöqtədən idarə edilməsi aiddir. Bu qiymət elektrik işlədici sayından asılı olaraq artır. "Ağıllı" sistemlərinin bir blokunun qiyməti 3 600 manatdır. Elə blok var ki, 20 nöqtəni, eləsi də var 40-50 nöqtəni idarə edə bilir. Nöqtələrin sayı artdıqca blokun qiyməti də artır. Evi sonradan "ağıllı" evə çevirmək isə hardasa 1 000 manata başa gəlir. Bura soyuducu, kondisionerlər, darvaza, siqnalizasiya və təhlükəsizlik sistemlərinin idarə edilməsi aiddir".

R.Alıyev əlavə edib ki, Azərbaycanda "ağıllı" ev sistemlərinin quraşdırılması ilə məşğul olan şirkətlər çoxdur və onların sayı günbəgün artır.

Son xəbərlər

Orphus sistemi