Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb

Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında bu gün 2 müəssisəyə rezidentlik statusu verilib.
İnfrastruktur
1 Fevral , 2022 19:07
Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında bu gün 2 müəssisəyə rezidentlik statusu verilib.

“Report”un əldə etdiyi məlumata görə, həmin müəssisələrdən biri müxtəlif çeşidli sintetik xalçaların istehsalı, digər isə prefabrik dəmir-beton istehsal istehsalı ilə məşğul olan müəssisədir.

Hər iki müəssisə yerli sahibkarlara aiddir.  Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 ha ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti “Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 7 il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq.

Son xəbərlər

Orphus sistemi