Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur Bakı. 6 aprel. REPORT.AZ/ “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işləri intensiv qaydada davam etdirilir.
İnfrastruktur
6 Aprel , 2018 16:39
Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Bakı. 6 aprel. REPORT.AZ/ “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işləri intensiv qaydada davam etdirilir. 

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, layihənin icra vəziyyəti və gələcəkdə görüləcək işlər səhmdar cəmiyyətinin, Ağcabədi Rayon İcra Hakimiyyəti rəsmilərinin, podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə ətraflı müzakirə edilib.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunması, şəhərin əsas küçələrində qazıntı işləri aparılarkən ətraf mühitin qorunması və nəqliyyatın hərəkətinə problem yaradılmaması ilə bağlı tapşırıqlar verib.

“Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, 28,7 km uzunluğunda magistral su xəttinin 27,2 km-lik hissəsi tikilib. Ümumi tutumu 10 000 kubmetr olan 2 su anbarının tikintisi işləri isə davam etdirilir. Eyni zamanda inşası nəzərdə tutulan Şəhərin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.

Layihədə nəzərdə tutulan 214 km su şəbəkəsinin 186,7 km-lik hissəsində işlər yekunlaşıb. Yeni yaradılmış şəbəkədən abonentlərə ev birləşmələri verilir, sayğaclar quraşdırılır. Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 205 km kanalizasiya şəbəkəsinin 191 km-i inşa edilib, 4 kanalizasiya-nasos stansiyasından 3-ü quraşdırılıb.

Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisinə başlanılıb. Su və kanalizasiya şəbəkələrinin tikintisinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər əhalisi 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Şəhərdə yaranacaq tullantı sularının zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Ağcabədi şəhərinin mövcud içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılıb. Həmin illərdə tikilmiş sistemlər şəhəri tam əhatə etməməklə yanaşı, istismara yararsız vəziyyətə düşüb.

Yeri gəlmişkən, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhəri ilə yanaşı, Göyçay, Ağdaş və Beyləqan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Ağdaş şəhərində isə işlər yekunlaşmaq üzrədir. 

Son xəbərlər

Orphus sistemi