ADY yükdaşımanı 13 % artırıb

İnfrastruktur
  • 11 noyabr, 2026
  • 09:33
ADY yükdaşımanı 13 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 15 milyon 691 min ton yük daşıyıb.

Bu barədə "Report" ADY-yə istinadən xəbər verir.

Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 % çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22 % artıb.

Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib və bu da illik müqayisədə 20 % artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 % yüksəkdir.

Konteyner daşımaları üzrə də artım qeydə alınıb. Cari ilin 10 ayında ADY tərəfindən 132 500 TEU konteyner daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 112 400 TEU ilə müqayisədə 18 % artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16 200 TEU təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 67 % artıb.

Çin istiqamətindən blok-qatarların qəbulunda da əhəmiyyətli artım əldə olunub. 2026-cı ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % çoxdur.

Astara Terminalında həm aylıq, həm də 10 aylıq yükaşırma göstəriciləri üzrə ən yüksək nəticələr əldə edilib. Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 210 tonla müqayisədə 37 % artım deməkdir. Oktyabr ayında isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65 % çoxdur.

Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum nəticə əldə olunub. Cari ilin 10 ayında limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 % artıb.