Mayın 9-10-da Türkiyənin paytaxtı Ankarada keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib.
"Artıq qeyd edilən yük həcmindən 831 min ton yükün daşınmasına nail olunub. Ümumiyyətlə, görüşdə Azərbaycan üzərindən tranzit keçəcək yüklərin yenilənməsi məsələsi də öz həllini tapıb”, - deyə o, qeyd edib.
E.Əhmədov həmçinin deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ölkənin dəmir yollarında daşımalar kifayət qədər artıb: “Artım əsasən tranzit rejimdə daşınan yüklərdə müşahidə edilir. ADY 2021-ci ilin 4 ayında 5 milyon 340 min ton yük daşıyıbsa , 2022-ci ilin 4 ayında 5 milyon 976 min ton yük daşıyıb. Bu da əlavə 636 min ton yükün daşınması deməkdir. Təkcə tranzit rejimdə 535 min ton artıq yükün daşınmasına nail ola bilmişik”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində dəhlizin inkişaf strategiyası, yükdaşımaların həcmi, marketinq planı və 2022-ci il üçün tarif siyasəti müzakirə olunub. Bu il dəhlizdə daşımaların həcminin 6 dəfə artacağı gözlənilir.