ABŞ Daxili Təhlükəsizlik Departamenti Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrini Vaşinqtona dəvət edib

ABŞ Daxili Təhlükəsizlik Departamenti Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrini Vaşinqtona dəvət edib DGK sədri Aydın Əliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib
İnfrastruktur
15 Avqust , 2014 18:15
ABŞ Daxili Təhlükəsizlik Departamenti Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrini Vaşinqtona dəvət edib

Bakı. 15 avqust.REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, A.Əliyev Azərbaycanla ABŞ arasında bütün sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran Komitə sədri vurğulayıb ki, son illər gömrük sisteminin inkişafı daha da sürətləndirilib, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılıb, fəaliyyəti təkmilləşdirilib.

Qanunvericilik bazasının möhkəmləndirilməsinə daim xüsusi önəm verildiyini vurğulayan Komitə sədri Azərbaycanda 2012-ci ilin əvvəlindən yeni Gömrük Mə­cəlləsinin tətbiqi ilə əlaqədar 59 normativ-hüquqi sənədin hamısının qısa zaman kəsiyində hazırlanaraq qəbul edildiyini diqqətə çatdırıb və bildirib ki, sonuncu sənəddə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2014-cü il 3 mart tarixli fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Belə ki, “Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunub. Bu ilin noyabrın 1-dən qüvvəyə minəcək qeyd olunan qaydalara uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur. Bu isə ölkənin həm ticarət əla­qələrinin, həm də göstərilən gömrük xidmətinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əlaqələrə gəlincə, istər ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də qanunvericilik bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi baxımından Azərbaycan gömrük xidmətinin ABŞ təcrübəsindən xeyli yararlandıqlarını deyən sədr qarşılıqlı səfərləri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan uğurlu addım kimi səciyyələndirib.

D.Hoqan isə öz növbəsində strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin hazırkı durumundan məmnunluqla söhbət açıb. Amerikalı diplomat Azərbaycan gömrük təşkilatının modernləşməsi və inkişafı yolunda atılan uğurlu addımları, eləcə də qarşılıqlı münasibətlərin inkişafı naminə respublikamızın gömrük xidmətinin ölkəsinin analoji qurumu ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirib. O, ABŞ Daxili Təhlükəsizlik Departamentində beynəlxalq işlər üzrə nazir müavini və baş diplomat Alan Bersinin ikitərəfli münasibətlərin, eyni zamanda qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq müstəvisində ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə qarşı mübarizə, təcrübə mübadiləsi və s. istiqamətlərdə həyata keçiriləcək konkret proqramlarla bağlı təkliflərin müzakirəsi üçün A.Əliyevin ABŞ-a səfər etmək xahişini diqqətə çatdırıb.

D.Hoqan, həmçinin bu ilin avqustun 26-28-də ABŞ-ın San-Antonio şəhərində keçiriləcək “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvət məktubunu A.Əliyevə təqdim edib.

DGK sədri “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə terrorizmə qarşı gömrük-ticarət tərəfdaşlığı” mövzusunda konfransa dəvətə görə təşəkkürünü bildirib, verilən təklifləri müsbət dəyərləndirib, bütün sferalarda birgə əməkdaşlığın önəmindən bəhs edib. Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi