"Abşeronun memarlıq siması” müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Abşeronun memarlıq siması” müsabiqəsinin qalibləri mükafatlandırılıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Abşeronun digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsini planlaşdırır
İnfrastruktur
11 Fevral , 2021 10:26
Abşeronun memarlıq siması” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə keçirilmiş “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin I mərhələsinin qalibləri mükafatlandırılıb.

Bu barədə “Report”a Komitədən bildirilib.

Məlumata görə, qurumda qaliblərlə görüş və layihələrinin təqdimatı keçirilib. Müsabiqə proqramının hazırkı – Əmircan, Ramana və Pirşağı üzrə təşkil edilmiş mərhələsində münsiflər heyəti 53 iştirakçıdan ümumilikdə 12 ən yaxşı layihəni qalib seçib. Müsabiqə çərçivəsində münsiflər tərəfindən üstünlük qəsəbələrin infrastruktur problemlərini daha dərindən araşdırmış, habelə ərazilərin inkişafı ilə bağlı təkliflərində tarixi-memarlıq irsin qorunması, yerli əhalinin maraqlarının təmin olunması və eyni zamanda müasir tələblərə cavab verən yaşayış mühitinin yaradılması, turizmin inkişafı arasında daha tarazlı yanaşma irəli sürmüş iddiaçılara verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tədbir iştirakçılarına müraciət edərək Prezident İlham Əliyev tərəfindən ölkə ərazisində yenidənqurma və şəhərsalma proseslərinin planlı və sistemli aparılmasının prioritet məsələ kimi müəyyən olunduğunu xüsusi qeyd edib və bu işdə layihəçilərin böyük rolunu vurğulayıb: “Gənc layihəçilər ölkəmizdə gedən şəhərsalma proseslərindən kənarda qalmamalı, fəal iştirak etməlidirlər. Sevindirici haldır ki, bu gün Abşeronun bəzi qəsəbələrini əhatə edən memarlıq müsabiqəsinin birinci mərhələsinin iştirakçılarının böyük qismini gənclər təşkil edir. Komitə memarlıq və şəhərsalma sahəsində ixtisaslaşmış bütün gənclərə hər zaman dəstək göstərməyə hazırdır və onları fəal əməkdaşlığa dəvət edir”.

Tədbirin sonunda qaliblərə diplomları təqdim edən Komitə sədri Anar Quliyev Abşeronda milli incəsənət ruhunu yaşatmaq və tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yarımadanın digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

“Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsinin hazırki mərhələsi Komitənin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil edilib və ümumi mükafat fondu 60 000 manat müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi