Bu gün Azərbaycan aviatorları peşə bayramlarını və mülki aviasiyanın yaranmasının 85 illiyini qeyd edirlər.
"Report" "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatına istinadən xəbər verir ki, 85 illik yubileyi çərçivəsində AZAL-ın rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və güllər qoyub.
Bildirilib ki, onlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
“85 il ərzində Azərbaycanın mülki aviasiyası Ümummilli Lider Heydər Əliyevin qətiyyətini əks etdirən unudulmaz tarix yaradıb. Bu sahədə sürətli irəliləyiş Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə edilib. Onun daimi dəstəyi nəticəsində ölkənin mülki aviasiyası bütün beynəlxalq standartlara və tələblərə cavab verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Onun sözlərinə görə, mülki aviasiya Azərbaycanın nəqliyyat sisteminin mühüm tərkib hissələrindən biri olmaqla ölkə iqtisadiyyatının yüksəlişinə töhfə verir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.