Noyabrın 6-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Zəfər Günü münasibətilə Aprel şəhidinə həsr olunmuş “Yarımçıq qalmış” tamaşası nümayiş etdiriləcək.
Bu barədə "Report"a teatrdan məlumat verilib.
Bildirilib ki, 2016-cı ildə 4 günlük aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanıb. “Dörd günlük müharibə” dörd ildən sonrakı “44 günlük müharibə”nin təməlini qoymaqla böyük zəfərimizin başlanğıcı oldu. Bizim qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi...
Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edəcəklər.