Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-ci il fevral ayının 15-də saat 16:00-da Muzey Mərkəzində Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək.
“Report” xəbər verir ki, Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakı şəhərində anadan olub.
O, 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirmişdir. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışmışdır.
Rəssam “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olan Rafis İsmayılov “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitablara illüstrasiyalar işləmişdir. Rəssam atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir.
O, 1970-2007-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehal olunmuş 25 bədii filmdə quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir.
Rafis İsmayılov 2003-2005-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat vermişdir.
Rəssamın 2008-ci ildə “Şərqdən-Şərqə” adlı sərgisi keçirilmişdir.
O, 1978-ci ildə “Azərbaycan Dövlət mükafatı”, 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.
Rafis İsmayılov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-cı ildən Azərbaycan kinematoqrafiyaçılar İttifaqının üzvü olmuşdur.
Rafis İsmayılova 2000-ci ildə “Azərbaycanın Xalq rəssamı” fəxri adı verilmişdir.
Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı-ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.