Xalq artisti Vaqif Şərifov dəfn edilib

Xalq artisti Vaqif Şərifov dəfn edilib Gəncə Dövlət Dram Teatrının aktyoru, xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilir.
İncəsənət
5 Oktyabr , 2021 13:53
Xalq artisti Vaqif Şərifov dəfn edilib
0 : 00
0 : 00

Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak ediblər.

12:07

Gəncə Dövlət Dram Teatrının aktyoru, xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Dövlət Dram Teatrında keçirilən vida mərasimindən incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və xalq artistinin yaxınları iştirak edir.

Xatırladaq ki, bir neçə gün öncə ürəyində yaranan problemdən Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən xalq artisti Vaqif Şərifov göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazaxda anadan olub. O, 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.

Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İçtimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay günləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləyib. Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olub.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub.

V.Şərifov 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib və 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi