Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə 2014-cü ilin fevral-noyabr aylarında "525-ci qəzet" və "Mədəniyyət" qəzetləri ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə keçirib.
"Report" xəbər verir ki, bu gün M.F.Axundov adına Milli Kitabxanada qaliblərə mükafatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqəyə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edilib. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib.
Müsabiqəni mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev açaraq, müsabiqəyə 17 məqalənin təqdim edildiyini və 11 ay ərzində davam edən müsabiqə üçün bu göstəricinin çox az olduğunu söyləyib: "Teatr haqqında danışmaq və yazmaq olar. Amma teatr haqqında sevgi ilə danışmaq, sevgi ilə yazmaq lazımdır. Teatrı sevmədən yazı yazmaq olmaz. Hər teatr ildə 10-15 tamaşa təhvil verə bilər. Bu tamaşaların hər biri sənət əsəri, hadisə ola bilməz. Ona görə də hər bir jurnalist yazılarında diqqətli olmalı, pisi qabartmaq əvəzinə, yaxşını daha da önə çıxarmalıdır".
Nazir müavininin çıxışından sonra mükafatlar qaliblərə təqdim edilib.
"Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsində I yerə "525-ci" qəzetin əməkdaşı Pərvin Nurəliyeva, II yerə teatrşünas Elçin Cəfərov, III yerə isə jurnalist Aliyə Dadaşova layiq görülüb.
Həvəsləndirici mükafatların sahibləri isə "Mədəniyyət" qəzetinin əməkdaşı Həmidə Rüstəmova və teatrşünas Aygün Süleymanova olub.
Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə yanaşı, 1000, 800, 500 və 300 manat məbləğində pul mükafatları təqdim edilib.
Ə.Vəliyev 2015-ci ildə bu müsabiqənin davam edəcəyini və mükafat siyahısının daha da artacağını vurğulayıb.