Tahir Salahov Birinci Fərxi xiyabanda dəfn ediləcək - RƏSMİ

Tahir Salahov Birinci Fərxi xiyabanda dəfn ediləcək - RƏSMİ “O, bu gecə ağciyər iltihabından vəfat edib”
İncəsənət
1453
21 May , 2021 11:45
Tahir Salahov Birinci Fərxi xiyabanda dəfn ediləcək - RƏSMİ
Tahir Salahov

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri gedir: “Cənazənin nə zaman Bakıya gətiriləcəyi hələ ki məlum deyil, çünki bu sənədləşmə işlərindən asılıdır”.

Xalq rəssamının bacısı Zərifə Salahova isə “Report”a açıqlamasında bildirib ki, T.Salahovun cənazəsinin ölkəyə gətirilməsi və digər məsələlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna tapşırılıb.

11:28

Ömrünün 92-ci ilində Almaniyada vəfat edən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Bakıda dəfn ediləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova bildirib.

“O, bu gecə ağciyər iltihabından vəfat edib”, – A.Salahova deyib.

Onun sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır.

Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi