“Report”un əməkdaşının Çernobıl faciəsinin 30 iliyinə həsr olunan sərgisi açılıb

“Report”un əməkdaşının Çernobıl faciəsinin 30 iliyinə həsr olunan sərgisi açılıb 55 fotonun nümayiş olduğu sərgi bu gün də davam edəcək
İncəsənət
27 Aprel , 2016 09:16
“Report”un əməkdaşının Çernobıl faciəsinin 30 iliyinə həsr olunan sərgisi açılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Report” İnformasiya Agentliyinin (İA) fotoqrafı Orxan Əzimin Çernobıl faciəsinin 30 iliyinə həsr olunmuş sərgisinin açılışı olub.

“Report” İA və Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin dəstəyi ilə keçirilən sərginin açılışında böyük ajiotaj yaşanıb.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak efib.

Əvvəlcə Çernobıl faciəsi qurbanları bir dəqiqəlik sükutla yad olunub.

Sərginin açılışında çıxış edən xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, sərgi ictimaiyyətin böyük marağına səbəb olacaq: “Dünyada son zamanlar baş verən qlobal çətinliklər bu sərginin əhəmiyyətini olduqca artırır. Fotoqraf Orxan Əzim nümayiş etdirdiyi foto sənət əsəridir. Heç bir musiqi, sənət əsəri, çəkilən film fotolar kimi insanları oyada bilməz. Bu həqiqətən də çox böyük işdir”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Çernobıl hadisələrinin bütün postsovet məkanı üçün böyük faciə olduğunu diqqətə çatdırıb: “Həmin fəsadların aradan qaldırılması üçün xeyli sayda azərbaycanlı orada iştirak edib. Onların xatirəsinə ithaf olaraq belə bir sərgi təşkil olunması qərara alındı. “Report” İnformasiya Agentliyi bütün bunları nəzərə alaraq fotoqrafımız Orxan Əzimi həmin əraziyə ezam etdi. O da bu işin öhdəsindən layiqincə gələ bildi”.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov isə çıxışında azərbaycanlıların Çernobıl qəzasının aradan qaldırılmasında iştirakı, Çernobıl əlillərinin vəziyyəti, onların uşaqlarının problemlərindən danışıb. Cəmiyyətin sədri xatırladıb ki, onlar stansiyanın dördüncü blokunda baş verən qəzanın aradan qaldırılmasında iştirak ediblər: “İndiyədək 3500 nəfərdən çox insan dünyasını dəyişib. Ümumilikdə, keçmiş SSRİ-nin 600 min vətəndaşı Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edib ki, bunun da 7000 nəfəri məhz azərbaycanlı olub. Qəza iştirakçılarının ailələrində çoxlu sayda uşaqlar doğulub, atalarının çiyinlərində daşıdığı şüalanma onların övladlarında da özünü büruzə verib. Anadan olan uşaqların 2 minə qədəri müxtəlif yaşlarda vəfat edib. Qalan uşaqlara isə müxtəlif xəstəliklərə düçar olduğundan əlillik dərəcəsi verilib. Hər kəs bilməlidir ki, Ermənistandakı Metsamor Atom Elektrik stansiyası bütövlükdə region üçün çox ciddi təhlükə mənbəyidir. Hər kəs səsini qaldırmalıdır ki, həmin stansiyanın fəaliyyəti dayandırılsın”.

“Report” İA-nın fotoqrafı Orxan Əzim çıxışında Çernobıl hadisələri zamanı həlak olanların xatirələrini anaraq qeyd edib ki, orada olduğu müddətdə bütün gördüklərini fotoşəkillərin dili ilə insanlara çatdırmaq istəyib: “Çernobıl getmək istədiyim beş yerdən biri olub və səfərim dəhşətli hadisənin 30 illiyi ərəfəsində baş tutdu. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, hər kəs fotoşəkillərin vasitəsilə həmin hadisənin ciddi fəsadlarını öz gözləri ilə müşahidə edə biləcəklər”.

Çıxışlardan sonra sərginin açılış rəmzi olan qırmızı lent kəsilib. Sərgidə nümayiş olunan fotolar izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, 55 fotonun nümayiş olduğu sərgi bu gün də davam edəcək.

Son xəbərlər

Orphus sistemi