Bakı. 26 may. REPORT.AZ/ İyunun 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək.
Bu barədə "Report"a Akademik Opera və Balet Teatrından məlumat verilib. Teatrın balet truppasının artistləri həmin gün ukraynalı həmkarları Ukrayna Milli Operasının aparıcı solistləri – Ukraynanın əməkdar artistləri Tatyana Lyozova (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) ilə birlikdə çıxış edəcək.
T.Lyozova hazırda Ukrayna Milli Operasının tanınmış ulduzlarından biri olub, ölkənin hüdudlarından kənarda da çıxış edir. O dünyanın bir çox ölkələrində - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portugaliya, İtaliya, Böyük Britaniya, Yunanıstan, ABŞ, Yaponiya, Çin, Meksika, Qvatemala, Kipr və s. uğurlu qastrol səfərlərində olub.
Qeyd edək ki, bu ukraynalı balet ulduzunun şəhərimizə ikinci gəlişidir. Ötən il o, tərəf-müqabili ilə birlikdə Bakıda L.Minkusun "Don Kixot" tamaşasında çıxış edib.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.