“Qocalar evi” sakinlərinin iştirakı ilə hazırlanan tamaşa nümayiş olunub

“Qocalar evi” sakinlərinin iştirakı ilə hazırlanan tamaşa nümayiş olunub Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin və əməkdaşlarının iştirakı ilə hazırlanan tamaşa təqdim olunub.
İncəsənət
1 Oktyabr , 2021 17:30
“Qocalar evi” sakinlərinin iştirakı ilə hazırlanan tamaşa nümayiş olunub

video əlavə olunub

11:28

1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin və əməkdaşlarının iştirakı ilə hazırlanan "23:59 qatarı" adlı tamaşa təqdim olunub.

 "Report" xəbər verir ki, məşhur türk yazıçısı Toyğun Orbayın "21:15 qatarı" əsərinin motivləri əsasında hazırlanan "23:59 qatarı" adlı tamaşada “Qocalar evi”nin 2 sakini (Həbib Qəmbərov, Hüseynağa Nuriyev) və iki əməkdaşı (Ləman Əliyeva, Vəli Vəliyev) rol alıb.

Bu seçim həm də müəssisədə ahıllar və işçilər arasında dostluq, qarşılıqlı anlaşma mühitinin olmasının göstəricisidir. Tamaşanın quruluşçu rejissoru Lalə Hadıyevadır. 

"23:59 qatarı" tamaşasının hazırlanması və təqdim olunmasında məqsəd ahılların təcrübələrini, öz müxtəlif həyat hekayələrindən gəldikləri qənaəti gənc nəsilə çatdırmaları, onların asudə vaxtlarının səmərəli təşkilidir. 
Tamaşa qatar gözləyən iki nəfərin və vağzal gözətçisinin arasındakı dialoqla bağlıdır. Burada həyatın dəyərinin, yaşanılan hər dəqiqənin qədrinin bilinməsi əsas mesajdır. 

H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasiminə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dəstək verib. Tamaşanın təşkilində, tamaşaçıların yerləşməsində Operativ Qərargahın pandemiya ilə bağlı tələb və şərtləri nəzərə alınıb. 

İncəsənət nümayəndələri də tədbirin fəxri qonaqları sırasında olublar. 

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi Qətnaməyə əsasən, oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. “Sosial xidmət haqqında” qanuna əsasən, 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Son xəbərlər

Orphus sistemi