Bakı. 2 mart. REPORT.AZ/ "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, “Nika” Rusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər milli kinematoqrafiya mükafatıdır.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Qeyd edək ki, film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü”, Banqladeşin 15-ci Dəkkə və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub.
Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.