Beynəlxalq Muğam Mərkəzində XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qələbədir adın” adlı konsert-tamaşa baş tutub.
"Report" xəbər verir ki, Mir Sahib Ağazadənin səhnələşdirməsi, Elçin Məmmədovun quruluşu əsasında hazırlanan tamaşanın libretto müəllifi Kəmalə Abıyeva, bəstəkarı Pikə Axundova, solisti İlham Nəzərovdur.
Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə ithaf olunan tamaşa xalqımızın əzəli və əbədi torpaqlarına möhtəşəm qayıdışından bəhs edir. Səhnə əsərində bir neçə obrazı canlandıran İlham Nəzərovla yanaşı Əməkdar artistlər Yaqut Paşazadə (Ana), Viktoriya Şahmuradova (Xarı bülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin III kurs tələbəsi Əli Əsədov (Oğul), G.Şaroev adına 35 saylı musiqi məktəbinin birinci sinif tələbəsi Səid Nəzərli da çıxış edib.