Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində dahi bəstəkar, SSRİ xalq artisti, akademik Qara Qarayevin (1918-1982) 100 illik yubileyinə həsr olunan "Qürur və düha. Yaşayan əfsanə" adlı sərginin açılışı keçirilib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərginin Prezident İlham Əliyevin dahi bəstəkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncama uyğun olaraq, həyata keçirilən tədbirlər planı çərçivəsində təşkil edildiyini bildirib. Qeyd edib ki, nümayiş olunan qiymətli nümunələr Azərbaycan Dövlət Rəsm Qalereyası, Milli İncəsənət Muzeyi, Xalça Muzeyi və xalq rəssamı Tahir Salahovun şəxsi kolleksiyasında qorunan əsərlərdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Qara Qarayevi görmək və onunla ünsiyyət saxlamaq imkanı olduğuna görə özünü xoşbəxt hesab etdiyini bildirib: “O, novator, yaradıcı bir insan idi. Müasir musiqinin simvolu sayılan ölməz bəstəkar ilk dəfə ABŞ-dan səfərdən qayıdanda özü ilə simfocaz valları gətirmişdi. Bu, Bakıya gətirilən ilk simfocaz musiqisi idi və melomanların bu musiqiləri necə həvəslə və maraqla dinlədiyini indi də xatırlayıram. Onun yaratdıqları əbədiyaşar əsərlərdir. Dünyəvi əsərlər yaratmaq hər sənətkara qismət olmur. Mənə elə gəlir ki, onun yeri bu gün də görünür”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva XX əsr Azərbaycan musiqi mədəniyyətinin simasını müəyyənləşdirən dahi musiqiçi Qara Qarayevin 100 illik yubileyi təkcə musiqiçilər deyil, mədəniyyətin müxtəlif sahələrində çalışan sənət adamları üçün də bayramdır: “Qara Qarayev sənətində Nizami mövzusunun leytmotivlərini görürük. Bəstəkar Azərbaycan musiqisinin təkcə obraz, üslub, janr dairəsini genişləndirən sənətkar deyildir. O, yeniləşməyə daim hazır olan və Azərbaycan mədəniyyətində 60-cı illərdə çox güclü şəkildə gedən müasirləşmə dalğasının önündə duran, klassik ənənələri bu yeniliyə qoşan sənətkar idi. Sərgidə novator və klassik irsə bağlı Qarayev obrazını görə biləcəyik”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə dünya şöhrətli bəstəkarın yaradıcılığına ithaf edilən 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.