Qalibiyyətin tamaşası - "Leyli və Məcnun" operasından - REPORTAJ

Qalibiyyətin tamaşası - "Leyli və Məcnun" operasından - REPORTAJ Bir il 6 ay sonra ilk dəfə tamaşaya gedirik. Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş etdiriləcək. Elə bu tədbir də böyük şəxsiyyətin anadan olmasının 136-cı ildönümünə həsr olunub. XIII
İncəsənət
331
22 Sentyabr , 2021 15:26
Qalibiyyətin tamaşası - Leyli və Məcnun operasından - REPORTAJ

Bir il 6 ay sonra ilk dəfə tamaşaya gedirik. Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş etdiriləcək. Elə bu tədbir də böyük şəxsiyyətin anadan olmasının 136-cı ildönümünə həsr olunub. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq tamaşanın keçiriləcəyi məkana yarım saat tez çatırıq. Düşünürəm ki, bəlkə tamaşadan əvvəl aktyorlarla həmsöhbət ola bilərəm. Amma başları elə qarışıqdır ki, uzaqdan salamlaşmaqla kifayətlənirəm. Hiss edirəm, onlar da ən az uzun müddət sonra teatra gələn tamaşaçılar qədər həyəcanlı və sevinclidirlər. Odur ki, ətrafa göz gəzdirməyə başlayıram. Görünür, zal da tamaşaçılar üçün çox darıxıb. Bir neçə dəqiqə ərzində bütün yerlər dolmağa başlayır.

Ruhun şad olsun, Üzeyir bəy!

Nəhayət, sərt karantin rejimi dövründə ilk tamaşanın nümayişi başlayır. Amma bunun özəlliyi və gözəlliyi tək bunda deyil. Müzəffər Azərbaycan Ordusunun böyük zəfərindən sonra ilk dəfədir teatr qapılarını tamaşaçıların üzünə açır. İndi zalda əyləşənlər və səhnəyə çıxanlar məğlub, ərazisinin bir hissəsi düşmən tapdağında olan ölkənin deyil, qalib dövlətin məğrur vətəndaşlarıdır. Ürəyimdə deyirəm, nə yaxşı ki, Üzeyir bəyin doğum günü münasibətilə bu tədbir təşkil olunub. Biz də burada iştirak edirik və zaldakı tamaşaçılarla bərabər tarixi anı yaşayırıq. Yanımda əyləşən həmkarım bu gün burada olduğumuz üçün çox şanslıyıq deyəndə anlayıram ki, tamaşada olan hər kəs xoşbəxtdir. Bu düşüncələrimdən pərdələrin qalxması ilə ayrılıram.

Üzü gülür Leylinin...

Leyli və Məcnun müvəqqəti ayrılıqdan sonra səhnədədir. Leyli rolunu Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı, Məcnunu Əməkdar artist Elnur Zeynalov canlandırır. Leylinin üzündəki xoşbəxtlik işığı bütün zalı aydınladır. Əslində zalda əyləşən hər kəsin çöhrəsində eyni ifadə görünür. Amma bu gün Üzeyir bəyin Leylisi ikiqat xoşbəxtdir. Uzun müddət teatr səhnələrinə həsrət qalan tamaşaçılar diqqətlə Leyli və Məcnunun ilk çıxışını izləyirlər. "Ah eylədiyim sərvi-xuramanın üçündür" deyərək zaldakı ovqatı bir qədər də yüksəldən E.Zeynalovun zənguləsi Xalq artisti Mənsum İbrahimovun Şuşadakı çıxışını xatırladır. Duyğular bir-birinə çox bənzəyir. Qarışıq hisslər keçirirəm.

Birinci pərdə bağlanır və alqışlarla digər səhnəni gözləyirik. Pərdənin növbəti açılışında səhnədə Leyli və anası görünür. Anasının aşiq və eşqlə bağlı iradlarının ardından Leylinin şamla söhbəti başlayır. Səhnədəki çıxış mənə haradansa tanış gəlir. Sonradan xatırlayıram, bu hissə ali məktəbə qəbul imtahanında ədəbiyyat sualları arasında idi. Əslində operanın bütün hissələrini əzbərdən öyrənmişdim, ancaq nədənsə bəzi hissələr daha yaddaqalan olub. Növbəti hissədə Məcnunun Leyliyə elçiliyi başlayır. Ata rolunu Əməkdar artist Təyyar Bayramov ifa edir. Əməkdar artisti ata rolunda ilk dəfə görürəm, ancaq sanki illərdir bu rolu oynayır. Həyəcanlı olsa da, məsuliyyətin öhdəsindən gəlməyi layiqincə bacarır. Səhnədən "Gəlmişik ziyarətə" deyə ucalan səs zaldakı tamaşaçıları xatırladır. Axı onlar da teatrı ziyarətə gəliblər. Ümid edirəm ki, bu ziyarətlər davamlı olacaq.

Fasilə zamanı pandemiya şəraiti olduğu üçün bir qədər açıq havada qalmaq yaxşı olar deyə həyətə çıxırıq. Geri qayıdanda təşkilatçılardan biri tədbir 9-da yox, 10-da bitəcək deyə zaldakılardan kiminsə sualını cavablayır. Uca səslə dediyi üçün zaldakı hər kəs bunu eşidir. Ancaq bir nəfər yerindən tərpənmir. Sanki hamı bu günü gözləyirmiş və getmək istəmirlər. Tamaşaçıların sevinci bir-biri ilə yarışır. Hamımız tamaşanın sonuna qədər oturmaqda qərarlıyıq.

Antraktdan sonrakı pərdə Leylinin toy mərasimi ilə açılır. Səhnədə çıxış edən rəqqasə qızlar sərt karantin rejimindən yenicə çıxan insanların zövqünü oxşayır.

Məcnunun şükürü...

Uzun müddət bir yerdə oturmaqdan sıxılsam da, bu dəfə vaxtın necə keçdiyini bilmirəm. Hətta tamaşanın bitməsini istəmirəm. Bilirəm ki, növbəti hissədə sevgili həsrətinə dözə bilməyən Leylinin, ardınca da Məcnunun ölümü səhnələri tamaşanın sonu olacaq. Bütün pərdələri anşlaqla qarşılayan tamaşaçılar son pərdəni ayaq üstə alqışlayırlar. Arxadakı gənc oğlanlardan iki nəfər ucadan "əhsən" , - deyə aktyorlara bütün zalın sevgisini çatdırır. Zaldakı adamların üzündə ifaçılara böyük bir təşəkkür hiss olunur. Bu həm teatr sevənlərin, həm də aktyorların çoxdan gözlədiyi görüşdür. Ona görə də, aktyorların məsuliyyəti bir az da artmışdı. Pərdələr enəndə Məcnun əllərini qaldırıb şükür edir. Leylisinə qovuşmasa da, teatra qovuşan Məcnun öz sevincini gizlədə bilmir. Həm üzərindəki məsuliyyət yükünün götürüldüyü, həm də uzun müddət sonra səhnədə çıxış etdiyi üçün çox xoşbəxtdir.

Hər kəs möhtəşəm tamaşa üçün ifaçıları təbrik etməyə gedir. Səhnənin arxasında Xalq artisti Elçin Həşimov, əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədov, Elnur Zeynalov və Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı yanaşı dayanıblar. İki gün əvvəl Şuşada musiqi festivalında bir yerdə iştirak etdiyimiz Elçin Həşimov və Elnur Əhmədovu növbəti dəfə bu gün münasibətilə təbrik edirəm. Üzlərindəki ifadədən anlaşılır ki, onlar da ən az bizim qədər xoşbəxtdirlər. Ard-arda xoşbəxtlik yaşamağın təzahürü simalarından aydın oxunur.

"Səsimizin nə yerdə olduğunu bilmirdik"

Az öncə səhnədə Məcnunun atası rolunu ifa edən Təyyar Bayramova yaxınlaşıram və pandemiya şəraitində uzun müddət sonra teatr səhnəsində çıxış etməyin təəssüratını öyrənirəm. Əməkdar artist deyir ki, bu, onun Məcnunun atası obrazında ilk çıxışıdır: "Səhnədə çıxış etməyin verdiyi hisslər tamam başqadır. Ard-arda səhnəyə çıxanda həyəcan bir qədər azalır. Ancaq uzun müddət səhnədən uzaq qalandan sonra çıxış etmək çətin olur. Bu tədbirə 15 gündən də az vaxtda hazırlaşmışam. Düşünürəm ki, az vaxtda yaxşı nəticə ortaya qoyduq".

Bayaqdan təbrikləri qəbul edən Elnur Zeynalov (Məcnun) deyir ki, "Leyli və Məcnun" operası çox ağır tamaşadır: "İki ildir opera ifa etmirdik. Səsimizin nə yerdə olduğunu bilmirdik. Baş rejissorumuz bizi çox yaxşı hazırladı. Hazırlıqlar pandemiya qaydalarına əməl etmək şərtilə 1 ay davam etdi. Düşünürəm ki, yaxşı oldu, ancaq son qərarı tamaşaçılar verəcək".

Rəvanə Əmiraslanova (Leyli) da tərəf müqabilinin fikirlərini dəstəklədiyini və teatr üçün darıxdığını deyir.

Elə biz tamaşaçılar da teatr və aktyorlar üçün darıxmışdıq. Ümid edirik ki, Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunan opera növbəti tamaşalara təkan verəcək. Uzun müddət tamaşaçıya həsrət qalan teatr zallarında yenidən anşlaq olacaq.

Son xəbərlər

Orphus sistemi