Rəssam Pablo Pikassonun “Saatlı qadın” tablosu hərracda 139,364 milyon dollara satılıb.
“Report” xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin saytında bildirilib.
“Sotheby's”dəki məlumata görə, kətanda Pikassonun sevgilisi Mariya-Tereza Valter öz qol saatı ilədir. Pikassonun işlərinin araşdırmaçısı Lidiya Qasman güman edir ki, saat sənətçi üçün xüsusi önəm daşıyıb, onun tərzi isə “vaxtın öldürdüyü sevgi” ilə əlaqədardır.
1966-cı ildə İsveçrənin Bazel şəhərindəki Beyeler Qalereyası “Saatlı qadın”ı əldə edib. 1968-ci ildə əsər ABŞ-nin Nyu-York şəhərindəki “Pace Gallery”nin kolleksiyasında yer alıb.
1968-ci ilin noyabrında məşhur amerikalı kolleksioner Emili Fişer Landau rəsmi satın alıb. Yarım əsrdən çox idi ki, əsər onun Nyu-Yorkdakı mənzilində buxarı rəfinin yuxarısında asılı idi. 2023-cü ilin martında Landau 103 yaşında vəfat edib. “Sotheby's” hərrac evi kolleksiyasının bir hissəsini – təxminən 400 milyon dollar dəyərində olan 120-yə yaxın əsəri satmaq hüququ əldə edib.