Parisdə Azərbaycan muğamına həsr edilmiş sənədli filmin nümayişi olub

Parisdə Azərbaycan muğamına həsr edilmiş sənədli filmin nümayişi olub Nümayiş Avropa filmləri festivalı çərçivəsində baş tutub
İncəsənət
13 Aprel , 2017 06:44
Parisdə Azərbaycan muğamına həsr edilmiş sənədli filmin nümayişi olub

Paris. 13 aprel. REPORT.AZ/ Parisdə ildə bir dəfə təşkil edilən Avropa filmləri festivalı çərçivəsində Azərbaycan muğamına həsr edilmiş "Gənc səslər, qədim mahnılar" adlı film nümayiş etdirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, Amerika Muğam Cəmiyyətinin Prezidenti Jeffrey Verbokun təşəbbüsü və iştirakı ilə çəkilən bu filmin Parisdə nümayişi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilib.

Film J.Verbokun muğam ilə tanışlığından və bu məqsədlə Azərbaycana gəlişindən bəhs edir. İncəsənətin mürəkkəb, lakin füsunkar növlərindən olan muğamın Qarabağın azyaşlı uşaqları tərəfindən qeyri-adi bir istedadla ifa olunduğundan xəbər tutan bu amerikalı Azərbaycana səfər etmək qərarını verir. Mənşəyi Qarabağdan olan muğamın sorağı ilə Azərbaycana gələn J.Verbok, bu uşaqları qaçqın və məcburi köçkün düşərgələrində taparaq onların oxuduqları muğama heyranlıqla qulaq asıb. Səfərindən uzun illər keçməsinə baxmayaraq, J.Verbok o əfsanəvi səslərə bir daha qulaq asmaq arzusu ilə Azərbaycana qayıdır. Lakin qaçqın və məcburi köçkün düşərgələrində böyüyüb başa çatmış bu uşaqları axtarıb tapmaq elə də asan olmayır.

Filmdə Ermənistanın təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş qaçqınlarımızın acı taleyindən danışılır və görüntülər nümayiş etdirilir. Muğama həsr edilmiş bu ekran əsərində muğamın beşiyi olan bu cənnət torpağında baş vermiş ədalətsizliklərdən bəhs edilir, uşaqlarımızın erməni işğalının qurbanları olduqları qeyd olunur. Filmdə, həmçinin sovet rejimi dövründə muğamın ifasına imkan verilməməsi, bu gün isə mədəni irsimiz olan muğamın YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi kimi faktlar açıqlanır.

Filmin sonunda TEAS-ın direktoru Lionel Zetter və Paris bürosunun rəhbəri Mari Letisiya Gurden çıxış edərək mədəniyyətin reallıqların paylaşmasındakı əvəzsiz rolunu vurğulayıb və muğamın beşiyi olan Qarabağ və onunla bağlı acı reallıqları fransız tamaşaçıları ilə bölüşüblər.

Milli musiqimizə həsr edilmiş gecə, qəlbində azərbaycanlı olan amerikalı musiqiçi J. Verbokun kamançada ifası ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi