Bakı. 23 yanvar. REPORT.AZ/ Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib.
Mədəniyyət Nazirliyinbdən "Report"a verilən xəbəreə görə, müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.
“Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi üzrə bir neçə nominasiya elan edilib. Nominasiyalara “Nizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı” və s. daxildir.
Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak edə bilərlər.
Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.
Müsabiqə iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri əldə edən müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ cari ilin mart ayının 21-də Novruz bayramı tədbirində başa çatacaq.
İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.