Nəsibə Zeynalovanın xatirəsi anılıb

Nəsibə Zeynalovanın xatirəsi anılıb Fəxri Xiyabanda mərhum aktrisanın məzarı ziyarət olunub
İncəsənət
20 Aprel , 2016 12:12
Nəsibə Zeynalovanın xatirəsi anılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət edilib.

"Report" xəbər verir ki, ziyarətdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət, Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, Azərbaycanda fəaliyyət göstərən teatrların nümayəndələri iştirak edib. Mərasim iştirakçıları mərhumun məzarı üzərinə gül dəstələri düzüblər, N.Zeynalova ilə bağlı ürək sözlərini söyləyiblər, xatirələrini bölüşüblər.

Nazir müavini Ə.Vəliyev mərhum aktrisanın 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlər haqda danışıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Nəsibə Zeynalovanın 100 illik yubileyi bütün il boyu qeyd ediləcək: "Böyük sənətkarımızın xatirəsi Azərbaycanın müxtəlif bölgələrində, mədəniyyət müəssisələrində yad ediləcək. 2016-cı ili Nəsibə xanıma həsr edəcəyik. Sənətkarın xatirəsinə həsr edilən kitablar nəşr ediləcək, tamaşalar səhnəyə qoyulacaq. Noyabrda Azərbaycan Dövlət Musiqili Teatrında Nəsibə xanımın 100 illik yubileyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək. Yubiley tədbirinin noyabrda keçirilməsini Nəsibə xanımın oğlu, görkəmli sənətkar Cahangir Novruzov xahiş edib. Hazırda Musiqili Teatrda yubiley tədbirinə hazırlıq işləri gedir". 

Ə.Vəliyev vurğulayıb ki, böyük sənətkarın ömrünün şah əsəri oğlu Cahangir Novruzovdur: "Nəsibə xanımın oğlu, böyük sənətkar Cahangir Novruzov uzun illərdir Türkiyədə fəaliyyət göstərir və Azərbaycan adını şərəflə təbliğ edir".

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət milli teatr məktəbində əvəzsiz xidmətləri olan, silinməz iz qoyan N.Zeynalovanın uzun illər Azərbaycan xalqının yaddaşında yaşayacağını deyib: "Nəsibə xanımın yoxluğu ilə onun simasında böyük sənətkar itirmişik. Teatr Xadimləri İttifaqının "Qızıl medalı"nı ilk dəfə Nəsibə xanıma təqdim etmişdik. Hərçənd, Nəsibə xanım o zaman ağır xəstə idi. Onun adına təsis etdiyimiz medalı nəvəsi Nəsibə xanıma təqdim etdik. Nəsibə xanımı martın 10-da Milli Teatr Günündə itirdik. Amma onun adını təbəssümsüz xatırlamaq olmur. Nəsibə xanıma medal təqdim ediləndə zarafatından da qalmadı. Nəvəsi Nəsibəyə dedi ki, "Bu medal doğrudan qızıldır?".

Yubiley tədbirində çıxış edən xalq artisti İlham Namiq Kamal N.Zeynalovanın el anası olduğunu deyib: "Nəsibə xanım hamının anası, doğması, el anası idi. Mən fəxr edirəm ki, onunla birlikdə "Qayınana" filmində çəkilmişəm. Bu filmin çəkilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdu. "Qayınana" tamaşasına baxan Heydər Əliyev bu əsər əsasında bədii film çəkilməsini təklif etmişdi və nə yaxşı ki, o zaman həmin film çəkildi".

Anım tədbirində mərhum aktrisanın ailəsi adından Nəsibə Zeynalovanın nəvəsi, Nəsibə Əsgərova çıxış edib. O, nənəsinin xatirəsini anan, məzarını ziyarət edən hər kəsə minnətdarlığını bildirib: "Ailəmiz adından Nəsibə xanımın xatirəsini yad edən hər kəsə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Nəsibə Zeyanovanın nəvəsi, Cahangir Zeynalovanın nəticəsiyəm".

Son xəbərlər

Orphus sistemi