Musiqili Teatr mövsümü premyera ilə başa vuracaq

Musiqili Teatr mövsümü premyera ilə başa vuracaq Teatrda İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” adlı iki hissəli komediyası təqdim olunacaq
İncəsənət
11 İyul , 2017 15:06
Musiqili Teatr mövsümü premyera ilə başa vuracaq

Bakı. 11 iyul. REPORT.AZ/ Musiqili Teatr 107-ci teatr mövsümünü yeni səhnə əsərinin premyerası ilə başa vuracaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 14-15-də saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” adlı iki hissəli komediyası təqdim olunacaq. 

Teatrdan bildirilib ki, yeni səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.

Tamaşada rolları əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa edirlər.

Səhnə əsərinin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.

Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Son xəbərlər

Orphus sistemi