Bakı. 2 avqust. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
"Report" xəbər verir ki, yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyəti və həvəskarları iştirak ediblər.
Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirib ki, ötən on ilə nəzər salanda yüzlərlə çox gözəl əsərlərin ərsəyə gəldini görmək mümkündür: "Onlarla beynəlxalq müsabiqələrdə Azərbaycan filmləri nümayiş olunub. Bu da ondan xəbər verir ki, Azərbaycan kinosunun istehsal prosesində daim yaradıcılıq mühiti var, mütəmadi axtarışlar və tapıntılar mövcuddur. Fürsətdən istifadə edib bütün kino sahəsinin üzvlərini təbrik edirəm. Əminəm ki, bundan sonra da Azərbaycan kinosu yüksək səviyyədə xalqımızın mədəniyyətini lazımi şəkildə təmsil edəcək".
Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdirilib.
Yubiley mərasiminin davamında bir qrup kino xadimi mükafatlandırılıb.