Bakı. 3 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasının premyerası olacaq.
"Report" xəbər verir ki, tamaşanın premyerasının mayın 26-27-də keçirilməsi nəzərdə tutulub.
Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi əsərdə Şeyx Nəsrullah obrazını xalq artisti Nurəddin Mehdixanlı canlandıracaq.
"Ölülər"in Kefli İsgəndəri aktyor Anar Heybətov və Elnar Qarayev olacaq.
Hacı Həsən ağanı əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Kərbalayi Fatmaxanım obrazını xalq artisti Laləzar Mustafayeva və əməkdar artist Hicran Nəsirova, Nazlını Xədicə Novruzlu, Aygün Baxışlı ifa edəcək.
Tamaşada görkəmli bəstəkar Qara Qarayevin musiqilərindən istifadə olunacaq. "Ölülər" əsərinin quruluşçu rəssamı, əməkdar rəssam Elçin Aslanovdur.
Qeyd edək ki, sonuncu dəfə Milli Dram Teatrında "Ölülər" tragikomediyasına xalq artisti, rejissor Mərahim Fərzəlibəyov quruluş verib.