Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə başlayıb

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə başlayıb Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvar rayonunda başlayıb.
İncəsənət
1472
19 Sentyabr , 2018 19:32
Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə başlayıb

Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvar rayonunda başlayıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvar Rayon Mədəniyyət Mərkəzində yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə start verib.

Çoxsaylı sənətsevərlərin iştirakı ilə keçən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, qarşıda duran vəzifələrindən danışıb. Qeyd olunub ki, ötən mövsüm yaradıcı kollektiv üçün, ümumilikdə, uğurlu keçib. Belə ki, 2017-ci ilin dekabr ayının 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edib və diplomla mükafatlandırılıb. Truppanın Lerik və Astara rayonlarında səfərləri də böyük maraqla qarşılanıb. Bildirilib ki, ötən mövsümdə teatrda yeni - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.

Kollektivin həyatında daha bir əlamətdar hadisə Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixli sərəncamı ilə teatrın aktyoru Niftulla Əsgərovun əməkdar artist fəxri adına layiq görülməsi olub.

Teatrın direktoru yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşanın təqdim olunacağını, kollektivin beynəlxalq teatr festivallarına və qastrol səfərlərinə qatılacağını söyləyib.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurları diləyib.

Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası sənətsevərlərə təqdim olunub. Nataşa adlı bir rus qızının sərgüzəştlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Allahverən Babayev, Səyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Son xəbərlər

Orphus sistemi